Məqalələr

Allergiya ilə çoxumuz tanışıq: dəri səpkiləri və qaşınması, göz sülanması, burun axması, təngnəfəslik, boğucu öskürək...
 
İnsan həyatını xeyli çətinləşdirib dərmandan asılı edən, bəzən ciddi təhlükə yaradan həqiqi allergik reaksiya (atopik bronxial astma, Kvinke ödemi, allergik rinit, allergik konyuktivit, anafilaktik şok) dərhal yaranıb mütləq müalicə tələb edir.
 
 
Bu proses necə inkişaf edir?
 
Hər hansı bir allergen, məs., bitki tozu, ilk dəfə orqanizmə daxil olduqda immun sistemi ona şiddətli reaksiya vermir. Amma onu mütləq yadda saxlayır və bu yaddasaxlama (sensibilizasiya) məhz həmin allergenə qarşı anticisim adlanan silahın (İgE) hazırlanmasından ibarət olur ki, "düşmən" növbəti dəfə gələndə onu birbaşa tanıyıb zərərsizləşdirə bilsin. Təkrar gəldikdə immun sistemi onu dərhal tanıyır, tosqun hüceyrələrin üzərindəki İgE ilə birləşdirir: hüceyrə dağılır və düşmənlə mübarizə üçün HİSTAMİN adlı maddə xaric olur.
 
Bu həmin maddədir ki, gözü sulandırır, nəfəsi daraldır, dərini qaşındırır, bəzən isə boğulma, arterial təzyiqin düşməsi kimi təhlükəli vəziyyətlər yaradır. Bu simptomlar allergenlə təmasdan dərhal sonra yaranır və təxirəsalınmaz tədbirləri zəruri edir (tosqun hüceyrə-bədənin hər yerində olub, özündə histamini qeyri-aktiv formada saxlayır və zərurət yarandıqda onu buraxır).
 
 
Allergen ağac tozcuğu, heyvan tükü, balıq yemi, dərman, məişət kimyası, bəzi qidalar ola bilər. Onun miqdarının əhəmiyyəti yoxdur, hətta ən kiçik dozaya reaksiya ola bilər.
 
 
Bu, immun sisteminin Adi qıcığa verdiyi Qeyri-adi reaksiya və ya İgE sintezı ilə gedən HƏQİQİ ALLERGİYALARDIR.
Mövzumuz isə daha çox rast gəlinən və yanlış olaraq allergiya hesab edilən yalançı allergiya, və ya, PSEVDOALLERGİYALARDIR.
 
Bu zaman da qanda histamin səviyyəsi yüksək olub, oxşar simtomlar yaradır: dəri qaşınması, övrə, burun tutulması və axması, səhərlər səbəbsiz asqıraq və öskürək, təngnəfəslik, həmçinin, baş ağrısı və miqren, başgicəllənmə, ürəkbulanma və qusma, yuxu pozulması (gec yuxulama və səthi yuxu), tezyorulma və halsızlıq, şişkinlik, qarında ağrılar, menstrual pozulma, ishal, qəbizlik və s.
 
Amma burada histaminin artma mexanizmi tam fərqlidir və immun sistemi ilə əlaqəli deyil. Belə ki, orqanizmə gündəlik qida ilə müəyyən miqdar histamin daxil olur və ya əmələ gəlir. Sağlam orqanizm onu bağırsaqdakı Diaminoksidaza (DAO) fermenti ilə asanlıqla parçalayıb çıxarır və optimal balansı qoruyur. Amma müəyyən səbəblərdən bu tarazlıq ciddi pozulur və allergiyaya bənzər simptomlar yaranır. Hansı hallarda histaminin miqdarı çoxalır?
 
1.Orqanizmə çox miqdarda daxil olduqda:
 
Bəzi dərmanlar (məs, aspirin, bəzi antibiotiklər..) və qidaların tərkibində (pendir, tərəvəz turşuları, içalat, kolbasa, ət və balıq konservləri, hisə verilmiş pendir, ət və balıq, balıq kürüsü, badımcan, ispanaq, pomidor, bibər, toyuq əti...) histamin və onun sələfi histidin var. Fermentasiya olunmuş qidaların tərkibində daha çox olur, məs., yetişmiş pendir, şor, kələm, xiyar turşusu, çaxır, pivə. Köhnə, 1-2 gün qalmış yeməkdə də histamin əmələ gəlir. Hətta sağlam insanlarda çox miqdarda histamintərkibli qida yedikdə güclü baş ağrıları olur.
 
2. Orqanizmdə çox miqdarda əmələ gəldikdə:
 
Bəzi qidalar histaminliberatordu, yəni histaminin əmələ gəlməsini (tosqun hüceyrədən çıxmasını) aktivləşdirirlər məs., sitrus meyvələr, şokolad, ananas, çiyələk, ədvalar, kakao, paxlalılar, qoz-fındıq, maya, konservantlar, rəng-, dadvericilər, həmçinin, pomidor, yumurta ağı, balıq, araxis. Çox isti və çox soyuq temperatur, vibrasiya, fiziki və psixoemosional travma da provokator ola bilər.
 
3. Histamin gec parçalandıqda:
 
Qeyd edildiyi kimi, histamin bir çox qidalarda mövcuddur; sağlam orqanizm onu DAO (Diaminoksidaza) fermenti ilə rahatlıqla utilizasiya edir. Lakin DAO çatışmazlığında histamin orqanizmdə toplanır və sadalanan simptomları yaradır.
 
 
DAO niyə azalır?
 
Səbəbləri müxtəlifdir:
 
-genetik meyillik
-mədə-bağırsaq xəst-ri (Kron xəst., qeyri-spesifik xoralı kolit, parazitlər, disbioz, SİBO..) -böyrəklərin xroniki xəst-ri
-virus hepatitləri
-qaraciyər sirrozu
-stress (stress hormonları həm histaminin azad edilməsini tətikləyir, həm də nazik bağırsağı zədələyərək, DAO sintezini azaldır) -vit.B6, vit.C, Zn, Cu defisiti
-alkoqol - həm tərkibində histamin var, həm də DAO funksiyasını pozur.
 
Gerçək allergiya ilə psevdoallergiyanın fərqi İgE ilə təyin olunur. Psevdoallergiyada İgE aşağı, əksinə, histamin səviyyəsi artmış olur.
 
Psevdoallergiya necə müalicə olunur ?
 
-Aşağıhistaminli, eliminasion pəhriz - şübhəli qidalar xaric edilib, sakit dövrdə nəzarət altında tək-tək geri qaytarılır -Tətikləyici amili aradan qaldırmaq (dərman, stress, şərab, tütün, ..)
-Bağırsaq florasını probiotiklərlə dəstəkləmək (DAO fernenti bağırsaqda sintez olunduğundan mikroflora pozulması onun əmələgəlməsini əngəlləyir)
-Histamini metabolizə edən qaraciyərin, həmçinin, böyrəyin funksiyasını yaxşılaşdırmaq
-Qida həzmini fermentlərlə yaxşılaşdırmaq (mədəyə, mədəaltı vəzə, öd axınına, bağırsağa dəstək) -Vit. B6 (DAO fermentinə histamini parçalamağa kömək edir)
-Vit. C (histamin səviyyəsini azaldır, histamini parçalamağa kömək edir)
-Mis (DAO səviyyəsini yüksəldir)
-Mn (DAO aktivliyini artırır)
-Zn, Ca (histaminin parçalanmasına kömək edir, iltihabəleyhinə və antiallergik təsiri var) -B qrup vitaminlər (B1, B9, B12)
 
 
-Toplanmış histamini azaltmaq üçün drenaj-detoksikasiya məqsədilə:
 
Guna Matrix (İtaliya) və Lymphomyosot (Almaniya) preparatları – hərəsindən 20 damcı gündə 2 dəfə yeməkdən 30 dəq əvvəl (2 ay).
 
Beləliklə, drenaj-detoksikasiya vasitəsilə limfa drenajı yaxşılaşır, hüceyrəətrafı sahə təmizlənir və digər tədbirlərin uğurla həyata keçirilməsi üçün zəmin yaranır.
 
Rəhimova Amaliya
Nutrisioloq - dietoloq